ЖИВОПИСЬ

14 Jul 19 > 13 Aug 19

Müasir İncəsənət Muzeyi

“ЖИВОПИСЬ”

Aida Mahmudova, Fərid Rəsulov, Niyaz Nəcəfov

14.07. – 13.08.2019

Müasir İncəsənət Muzeyində 14 iyul – 13 avqust  2019 – cu il tarixlərində bir – birindən tamamilə fərqlənən lakin ruhən yaxın olan üç rəssam - Aida Mahmudova, Fərid Rəsulov və Niyaz Nəcəfovu birləşdirən “ЖИВОПИСЬ” adlı sərgi keçiriləcək.     

 Layihənin hər bir iştirakçısı tanınan üslubu, surətlərin özünəməxsus unikal quruluşu və Abşeron rəngkarlıq məktəbi ənənələrinə əsaslanmasına baxmayaraq, təkrar olunmaz vizual dili ilə fərqlənir. Müəlliflərin emosional təcrübə müxtəlifliyi ilə sərgi ümumilikdə incəsənətə aktual baxışı təqdim edir və onun ifadə imkanlarını yeni tərzdə üzə çıxarır. Belə aktuallaşdırma cəhdi multimediya texnologiyalarının artan rolu və onların muzey sahələrində fəal tətbiqi fonunda xüsusilə maraqlıdır.Emosional dərinlik, inanılmaz xarici cazibə ilə özünü müşahidəyə meyillilik Aida Mahmudovanın mürəkkəb və çoxşaxəli əsərlərini fərqli edir. Rəssam özünü təhlil prosesini yaradıcı fəaliyyətə çevirir. Bu fəaliyyət müddətində öz ağrı nöqtələrinizə toxunmağa, unudulmuş lakin şüuraltı var olan situasiyaları yaşamağa nail olacaqsınız. Fərid Rəsulovun rəngkarlığı hiperrealizmə xitab edir amma ani olaraq, holland rəngkarlarının həyat, sevinc dolu əsərləri ilə əlaqəlilik hissi yaradır Niyaz Nəcəfovun ifadəli, iddialı rəngkarlığı bir çox məqamlarda müəllifin həyat fəlsəfəsini əks etdirərək, öldürücü gülüşün elementləri ilə istehza və sarkazmın hüdudlarında qərarlaşır. Bütün hisslər gərgin, xüsusiyyətlər qabarıq və aydın təzahür edir. Dəhşətli olan tükürpərdici, gözəl olan isə valehedici olur.     Əsərləri birləşdirən ümumi cəhət  - yalnız yeni mənaların axtarışları və rəssamları maraqlandıran mövzuların əks etdirilməsi deyil, həmçinin təsvir obyektinə olan heyranlıq və bu hissin tamaşaçıya ötürülməsidir.              

                “Rəngkarlıq, əşyaları bir vaxtlar – onlara sevgi ilə baxıldığı zamanlarda olduğu kimi görməyə imkan verir”

                                                                                       (Pol Valeri)

 

Aida Mahmudova (1982. Bakı)  - əsərləri sadəlik və xətlərin dəqiqliyi ilə seçilən istedadlı rəssamdır. Onun təxəyyül gücü ilə yaradılan sehrli dünyalar xoşluq və rahatlıq hissləri doğurur.                     Rəssam öz yaradıcılığında yaddaş, şüuraltı mövzularını tədqiq etməklə, zamanın axarında onların məruz qaldıqları şəkildəyişməni təhlil edir. Aida Mahmudova Azərbaycanla yanaşı xarici ölkələrdə də əsərlərini nümayiş etdirir. Rəssamın dəniz mənzərələri 56 – cı Venesiya Biennalesində milli Azərbaycan pavilyonunda “VİTA VİTALE” kollektiv sərgisində nümayiş etdirilmişdir. Onun heykəltaraşlıq kompozisiyaları və rəngkarlıq əsərləri bütün dünyada  eyni zamanda , “Here Today” layihəsi çərçivəsində Londonda Old Sorting Office –də; 55 – ci Venesiya Biennalesində “Love me, Love me not”, London, Paris, Berlin, Moskva və Romada təşkil edilən “Fly to Baku”,  Bakıda Müasir İncəsənət Muzeyində  “Merging Bridges” adlı sərgidə nümayiş etdirilmişdir.                            Rəssamın əsərləri müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Onun  2012 – ci ildə 1-ci Bakı Pablik Art Festivalı  üçün hazırladığı "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir. Aida Mahmudovanın 2015-ci ildə Nyu-Yorkda yerləşən “Leila Heller” Qalereyasında “Passing By” və 2013-cü ildə Sürixdə yerləşən “Barbarian Art” Qalereyasında “İnternal Peace” adlı fərdi sərgisi keçirilmişdir. Aida Mahmudova 2011-ci ildə bir qrup rəssamın dəstəyi ilə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin geniş ictimaiyyətə tanıdılması, həmçinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur.                       

Fərid Rəsulov (1985. Şuşa) - həkim – oftalmoloq təhsili almasına baxmayaraq, onun əsl peşəsi rəssamlıq olmuşdur. Bugün Fərid Rəsulov - əsərləri nəinki həmvətənlərini eyni zamanda, bütün incəsənət bilicilərini heyrətləndirən uğurlu rəssamdır. Milli Azərbaycan motivləri, folkloru Fərid Rəsulovun iddialı üslubu ilə tamamilə yeni formalara, müasir elementlərə - basma naxışlara, keramika və mebelə nümunələrinə çevrilir.                                                             

O, 2009 – cu ildə 53 – cü və 2013 - cü ildə 55 – ci Venesiya Biennalesində Azərbaycanı təmsil etmişdir.                                                                                 

Niyaz Nəcəfov (1968. Bakı) - 1985-ci ildə Bakı Bədən Tərbiyəsi texnikumunu bitirmişdir. Peşəkar idman onun həyatının bir hissəsini təşkil edirdi. Niyaz, uşaq yaşlarından rəsmlə maraqlanırdı. Buna baxmayaraq, yalnız 2003 – cü ildən etibarən peşəkar rəssam kimi fəaliyyət göstərməyə başlamışdır.                       O, 2009 – cu ildə 53 – cü Venesiya Biennalesində Azərbaycanı təmsil etmişdir. 2012 – ci ildə isə “Fly to Baku” sərgisində iştirak etmişdir.                        Son on il Niyaz Nəcəfovun peşəkar karyerasında sürətli inkişaf dövrü olmuşdur. Rəssamın əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilmişdir. Həmçinin onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Niyaz Nəcəfovun əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmalarına baxmayaraq, qeyri-adi şəkildə insanı cəlb edir.

Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı:  14.07. – 13.08.2019

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN