Qarabağnamə - tarixin səhifələri

27 Feb 19 > 15 Mar 19

Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi

 27.02. 2019

Arif Hüseynov – Azərbaycanın Xalq Rəssamı, professor, tanınmış miniatürçü -rəssam, ədəbi əsərlərin qrafik rəssamı və illüstratorudur.Rəssam 30 oktyabr 1943-cü ildə Bakının Qala kəndində anadan olub. O, Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin məzunudur. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.  Arif Hüseynov – nəfis kitab illüstrasiyaların müəllifi, mükəmməl müəllim,həqiqi  vətənpərvərdir. Onun əsərlərində vətənə sonsuz məhəbbəti hiss olunur. Rəssam 1994 – cü ildə “Azərbaycan Dünyası” qalereyasının təsisçisi olmuşdur. “Azərbaycan Dünyası” – Bakıda birinci qalereya idi. İndiyə qədər dahi sənətkar dəzgah və kitab qrafikası ilə məşğul olmuşdur. Onun yaradıcılığı ilə nəinki öz doğma vətənində hətta Azərbaycanın hüdudlarından kənarda da tanışdırlar. Ustadın fərdi sərgiləri bu günədək dünyanın müxtəlif şəhərlərində - Bakı, Moskva, Praqa, İstanbul, Tokioda  keçirilir.

Fərdi sərgiləri:

1984 - "100 illüstrasiya", Bakı-Moskva

2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya

2009 — Galerie Berlin-Bakı, Berlin

2012 — M.Ə.Sabir “Hophopnamə” Bakı

2012 — “Azərbaycan nağılı” Bakı

Arif Hüseynovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.                                                                    

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Natiq Rasulzadənin sözlərinə görə, Arif Hüseynov rəssam kimi hər bir yaradıcı şəxsiyyət üçün vacib olan xüsusiyyətə sahibdir. O, gözəllik yaratmağı sevir, həssas ruha malik rəssamdır. Dərk etdikləri, dünyanın bütün gözəllikləri müdrik ustadı heyrətləndirir. 1995 – ci ildə - Təsviri İncəsənət Sahəsində uğurlarına görə "Humay" mükafatına layiq görülmüşdür. 2006 – cı ildə Azərbaycan Respublikasının Xalq rəssamı adına layiq görülmüşdür. Uzun illərdir ki,rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri,uşaqlar və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və  xüsusiyyətlərini təsvir edir.                                                           

Sərgidə 50-dən çox sənədli-bədii qrafik əsərlər nümayiş olunacaq. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir edilir. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının  “ I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Gəncəsər monastrı”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri”  kimi əsərlərdə tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır. Sərginin bütün əsərləri qravüra şəklində işlənmişdir. Tarixi həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində əks etdirilir. Ağ-qara qrafika vizual təsirə malikdir.                                                                                                          

Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim torpağımız, bizim tariximizdir.

 

Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı:  27.02.2019  

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN